Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA - RTV

Son günlər elektrik mühərrikli avtomobillərin qəfil yanması halları müşahidə olunur. Bu avtomobillərdə akkumulyator yanma riski insanları narahat edir. Məsələ ilə bağlı avtomobil mütəxəssisi Elgün Xıdırov səbəbləri açıqlayıb.

Elgün Xıdırovun sözlərinə görə, müasir hibrid istehsalçıları batareyaları izolyasiya edirlər. Lakin izolyasiyanın keyfiyyəti istehsalçılardan asılıdır. Yaxşı izolyasiya olunmadığı təqdirdə yanğın baş verə bilər. Həmçinin batareyaların yay aylarında soyuma, qış aylarında isinmə sistemləri var. Bu sistemlər keyfiyyətsiz olduqda yanğının baş verməsi qaçılmazdır. Batareyanın soyuma sisteminə düzgün olmayan müdaxilə onların normal soyumasını problem edir. Batareyalar isə qızmadan alışa bilər. İzolyasiya pozularsa, oksidləşmədən də alışa bilər.

Mütəxəssis qeyd edib ki, elektrik mühərrikli avtomobillər digər səbəblərdən də alışa bilər. Bəzi nəqliyyat vasitələrinə əlavə işıqlandırma sistemləri və müxtəlif elektron qurğular qoşulur. Bu avadanlıqlar əksər hallarda ixtisaslı olmayan şəxslər tərəfindən servis mərkəzlərində və ya mağazalarda quraşdırılır. Bu isə avtomobilin elektrik şəbəkəsinə artıq yük düşməsinə, qısa qapanmaların yaranmasına və nəticədə yanğın təhlükəsinin artmasına səbəb olur.