Şəmkirdə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomagistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb.
Üzü Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı mini maşını idarəetmədən çıxıb və nəticədə mini maşını yol kənarında dayanan "Vaz 21015" və "Ford Fusion" markalı mini avtomobillərinə çırpılıb. Zərbənin təsirindən "Mercedes" markalı mini maşını yoldan çıxaraq 50 metr kənara aşıb.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib. İlkin məlumata görə səbəb "Mercedes" markalı maşının təkərinin partlaması olub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.