ARB kanalının yayımı 3 saatlığa dayandırılır. Bu barədə Audiovizual Şura məlumat yayıb. Şuranın keçirilən iclasında ARB kanalının efirində media haqqında qanunun pozulması faktı müzakirə olunub.
Yanvarın 10-da kanalın efirində saat 23:00-23:55 arası yayımlanan səkkiz serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib. Yayım zamanı isə bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.
Media haqqında qanunun 14.1.6-cı maddəsinin tələbinin pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şura tərəfindən ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırılması barədə qərar qəbul edilib.