"Onların ucbatından pərdəmizi aça bilmirik" - Qonşular arasında GƏRGİNLİK - RTV

Masazırda qonşular arasında pəncərə üstündə problem yaranıb. İbrahimovlar ailəsi redaksiyaya ünvanladıqları şikayətdə bildiriblər ki, qonşuluqda tikilən yeni evin pəncərələri birbaşa həyətə və evin içinə baxır.

İbrahimovlar ailəsi bildirib ki, onların torpaq sahəsinin arxasında makler Mirağa adlı şəxs üç sotda iki dənə qanunsuz ev tikir. Onlar dəfələrlə bu barədə Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon İcra Hakimiyyətinin nəzdindəki tikinti sahəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinə şikayət ediblər.

İbrahimovlar ailəsi qeyd edib ki, onlarda Şəhərsalma eşqəri və digər qurumlardan bu tikintinin tam qanunsuz olması və heç bir icazəsinin olmaması barədə məktublar var. Amma ona baxmayaraq tikinti davam edir. Onların hasarına əlavə konstruksiyalar əlavə edilib, ziyan dəyib və çatlar yaranıb. Bu iş hal-hazırda məhkəmədədir. Məhkəmədə iş davam edə-edə Mirağa üç sot torpağın sot yarımını satıb, təzədən ikinci evin tikilişinə davam edir. İki dənə də evi fərqli-fərqli adamlara satıb gedəcək.

İbrahimovlar bildiriblər ki, Mirağa onlarla əvvəl razılaşmışdı ki, qoymayacaq, amma sonra onları aldadıb. Onların yataq otağına və zalına pəncərələr açılır. Zabora ziyan vurulub. Onlar pəncərələrini daimi pərdə ilə saxlamağa məcburdurlar ki, evlərinə günəş işığı düşsün. Çünki onların evində cavan qızı, gəlini və nəvəsi var.

Hadisə yerində olduğumuz zaman qarşı tərəf qapının üzərində quraşdırdığı kamera vasitəsilə danışıb, lakin məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, daxil olmuş şikayət əsasında müraciətə baxılıb və tikinti işlərinə dair heç bir icazə sənədi verilməyib. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilib. Hal-hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam etdirilir.