Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində yerləşən, Pərviz Niftəliyevə məxsus "Dağlılar Balıq İctimai Aşya" müəssisəsində yoxlama keçirib.
Yoxlama zamanı restoranda balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Eyni zamanda müəyyən olunub ki, obyektə sanitar texniki və sanitar gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub. Bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb. İşçilər ilkin və dövri tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır. Həmçinin digər nöqsanlar da aşkarlanıb.
Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələr üçün göndərilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək qida obyekti fəaliyyəti müvəqqəti dayandırılıb.