Bir çox insanlar süni intellekt proqramları vasitəsilə dərmanların tərkibi, xüsusiyyətləri və xəstəliklərin ilkin diaqnozu haqqında məlumat əldə edirlər. Bəs, süni intellektə bu mövzuda güvənmək olarmı?
Sakinlərdən biri əvvəllər reseptləri göndərərək dərmanların yan təsirləri və tərkibini öyrəndiyini bildirib. Lakin sonradan yanlış məlumatlar verildiyi üçün istifadəni dayandırıb.
Digər sakin isə "Çat GPT"-də həmişə düzgün məlumat olduğuna inandığını və özünə güvəndiyi qədər etibar etdiyini bildirib.
Başqa bir sakin isə "Çat GPT"-də hər yazılanın düzgün olmadığını, dərmanların tərkibində səhv ola biləcəyini və həyatını qorumalı olduğunu deyib. O, dərmanların həkim resepti ilə yazılmasının tərəfdarıdır.
Sakinlərdən biri internetdə axtarış edərək əldə edilən məlumatların etibarlı olmadığını, həkim tərəfindən dərmanın tərkibinin izah edilməsinə inandığını bildirib. O, özü istifadə etmədiyini və övladlarına da qadağa qoyduğunu qeyd edib.
Kardioloq Arzuman Talıbov süni intellektə bu məsələdə güvənməyin təhlükələri barədə fikirlərini bölüşüb. O, insanların "Çat GPT"-dən soruşaraq özlərinə diaqnoz qoymalarının və müalicə etmələrinin düzgün olmadığını, bunun fəsadlara gətirdiyini və gündəlik təcrübəsində də bunu gördüyünü deyib. Həkimin sözlərinə görə, bu, lazımsız müayinələrə və müalicələrə səbəb olur. Əgər belə olsaydı, hamı "Çat GPT"-dən istifadə edərdi və həkimə getməzdi.
Arzuman Talıbov bildirib ki, bəzi dərmanların istifadə qaydaları təlimatda belə yazılmır. Həkimlər dərmanı hansı hallarda verməyin mümkün olduğuna, xəstəliklərinə və analizlərinə baxaraq qərar verirlər. Bəzən heç bir müayinəyə ehtiyac olmur, təkcə xəstənin şikayəti və anamnezi əsasında istiqamət götürülür. Lakin insanlar lazımsız analizlər edərək, məsələn, xolesterinin yüksək olduğunu görüb "Çat GPT"-yə müraciət edərək lazımsız müayinələrə və dərman qəbuluna başlayırlar.
Həkim qeyd edib ki, bəzən həyəcandan təzyiq yüksələ bilər, lakin bunu çox da ciddiyə almaq lazım deyil.