Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 17-dən 22-sinədək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalını nəzərdən qaçırmamağı tövsiyə edib.
Qurum əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə həftə sonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki təhlükəsizlik baxımından, xüsusilə şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.