Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş qanuna əsasən, məzuniyyət hüququ 46 təqvim günü olan işçilərin siyahısında dəyişiklik edilib. Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunla bu dəyişikliklər rəsmiləşdirilib.
Qanuna əsasən, aşağıdakı kateqoriyalara aid olan işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və ya Çernobıl atom elektrik stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilər.
- Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər.
- Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər.