Rayon məktəblərində distant təhsilə başlanıldı - RTV

100-dən çox məktəbdə şagird sayının az olması səbəbindən distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məlumat verib.

Vəfa Yaqublunun sözlərinə görə, Lənkəran-Astara regionundakı bir neçə məktəbdə bu sistem test edilib və nəticələr qənaətbəxş olub. Hazırda proses pilot layihə kimi test mərhələsindədir.

Vəfa Yaqublu bildirib ki, yuxarı siniflərdə biologiya, kimya, tarix və digər fənlər üzrə müəllim çatışmazlığı olan məktəblərdə şagirdlər mərkəzi məktəbin müəllimləri tərəfindən distant formada tədrisə qoşulurlar. Siniflər yaradılır və hər kənddə bir neçə uşaq həmin sinifdə distant tədrisə cəlb edilir.

Direktor müavini əlavə edib ki, şagird sayı az olan məktəblərin sayı ölkədaxili miqrasiyadan asılı olaraq dəyişir. Şagirdlər valideynləri ilə birlikdə köç edirlər. Qarabağa köç prosesi getdiyi üçün oradakı məktəblər genişlənir. Misal olaraq, Xankəndi məktəbi kifayət qədər çox uşaq oxuduğu üçün artıq dar gəlir. Digər məktəblər isə boşalır. Bu, hazırda müşahidə olunan tendensiyadır.