"Qışda palçıq, yayda ağcaqanad yaşamağa imkan vermir" - Sumqayıt sakinləri narazıdır - RTV

Sumqayıt şəhərinin Beton zavod adlanan ərazisində yaşayan sakinlər yolsuzluqdan əziyyət çəkdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara dəfələrlə müraciət olunsa da, problem hələ də öz həllini tapmayıb.

Yerli sakinlərdən biri yolların bərbad vəziyyətdə olduğunu qeyd edərək bildirib:

"Bir az yağış yağır, inanırsız. Dəfələrlə burda neçə dənə qız, qadın, ana bacı bax bu yollarda hamısı yıxılıblar, əziliblər. Dəfələrlə olub ki, mən evlərinə qədər aparıb mənzil başına çatdırmışam. Dəfələrlə deyirəm, yıxılırlar, əzilirlər, incinirlər."

Sakin kanalizasiya probleminə də toxunaraq, dəfələrlə kanalizasiyaya düşdüyünü bildirib və aidiyyatı qurumlardan nəzarət etmələrini xahiş edib.

Digər bir sakin isə ərazidə zibil qablarının olmadığını, zibilin hara gəldi atıldığını deyib. O, daşların 10 ildir orada olduğunu, lakin heç kimin onlara baxmadığını qeyd edib. Müraciətlərə cavab olaraq tədbir görüləcəyi deyilsə də, heç bir addım atılmadığını bildirib. Sakin yolların bərbad vəziyyətdə olduğunu, yayda ağcaqanadın, qışda isə palçığın yaşamağa imkan vermədiyini deyib. O, insanların iki cüt ayaqqabı götürməyə məcbur olduğunu, birini şəhərə qədər, digərini isə şəhərdən sonra geyindiyini bildirib.

Sakinlərdən biri evdən həmin əraziyə qədər ayaqqabısının palçıq olduğunu, kanal daşının yolunu keçməyin mümkün olmadığını deyib. O, kanal üçün pul tapıldığını, lakin vəziyyətin bərbad olduğunu vurğulayıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Bələdiyyəsindən bildirilib ki, Sumqayıt şəhərində yol infrastrukturu ilə bağlı tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq asfaltlanma işləri həyata keçirilir. Bələdiyyədən bildirilib ki, sözügedən ərazidə də ötən dövr ərzində müəyyən küçələrdə asfaltlanma işləri aparılıb, gələcəkdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək.