Metroda hansı əl yükləri pulludur? -Rəsmi açıqlama - RTV

Son zamanlarda mətbuatda Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin tətbiq olunacağına dair məlumatlar yayılıb. Bu məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni Qapalı Səmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.

Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropolitenində müəyyən ölçülərdə əl yükünün daşınmasına görə əlavə gediş haqqının ödəniləcəyi ilə bağlı yayılan informasiyalar təhrif edilib və ictimaiyyət arasında çaşqınlıq yaradıb. O qeyd edib ki, Bakı Metropolitenindən istifadə qaydaları Nazirlər Kabineti tərəfindən 19 oktyabr 2010-cu ildə təsdiq olunub və həmin qaydaların ikinci maddəsinin ikinci bəndində bu məsələ aydın şəkildə izah olunur.

Bəxtiyar Məmmədov əlavə edib ki, əl yükü ilə bağlı istifadə qaydalarında kifayət qədər çoxsaylı faydalı məlumatlarla tanış olmaq mümkündür. O vurğulayıb ki, bu qərar nə bu günün, nə də dünənin qərarıdır və 2010-cu ildə sonuncu istifadə qaydaları təsdiq olunsa belə, ondan əvvəlki dövrlərdə də bu məsələ ilə bağlı müvafiq istifadə qaydalarında məlumatlar olub.

Bəxtiyar Məmmədov həmçinin bildirib ki, Bakı Metropoliteninin fəaliyyəti dövründə nəinki hər hansısa bir ölçülərə bağlı, eyni zamanda ölçülərinə uyğun olaraq Bakı Metropolitenində daşınması qadağan olan əl yükləri barədə məlumatlarla da tanış olmaq mümkündür.

Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli qərarının 2.2. bəndinə əsasən, sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.