Bakının Nəsimi rayonu Vaqif prospektindəki bir mənzil ətrafında uzun illər davam edən mübahisə yeni mərhələyə keçib. Mənzil sahibi Musayev məcburi köçkünlərin məskunlaşması ilə əlaqədar 15 ilə yaxın öz mülkiyyətindən istifadə edə bilmədiyini bildirərək məhkəmələrə müraciət edib.
Məsələ vaxtilə Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılıb. Azərbaycan hökuməti kompensasiya öhdəliyi götürüb, lakin mənzil hələ boşaldılmayıb. 2025-ci ildən mülkiyyətçi əldən çıxmış fayda tələbi ilə iddia qaldırıb.
Məhkəmə 2021-ci ilin payızından 2026-cı il yanvarınadək dövr üçün kirayə haqlarını hesablayaraq keçmiş məcburi köçkün ailəsinin təxminən 33900 manat təzminat ödəməsinə qərar verib.
Keçmiş məcburi köçkün olan ailə bildirib ki, Füzuliyə köçmək üçün imkan yoxdur, alternativ mənzil təklif olunmayıb və məskunlaşma dövlət qərarı ilə olub. Ona görə məsuliyyət daşımamalıdırlar.
RTV xəbər verir ki, no comment.az saytına açıqlama verən hüquqşünas Əkrəm Həsənov bu işi presedent sayır.
Əkrəm Həsənov bildirib:
Mülkiyyət hüququ uzun müddət pozulub. Dövlətin öhdəlikləri yerinə yetirilməyib. Köçkünlərin sosial statusu onları məsuliyyətdən azad etmir. Dövlət ya zərəri ödəməli, ya da alternativ mənzil verməlidir. Məhkəmə qərarı hüquqi cəhətdən əsaslıdır, lakin icrada sosial amillər nəzərə alınmasa yeni problemlər yaranacaq. Qayıdış prosesi ilə belə hallar artacaq. Dövlət sistemi həll tətbiq etməli, həm qərarları icra etməli, həm də köçkünlərin müdafiəsini təmin etməlidir. Əks halda mülkiyyət pozuntusu və sosial ədalətsizlik iddiaları güclənəcək.