Gəncə şəhərində dəm qazından zəhərlənmə nəticəsində Daşkəsən rayon sakini vəfat edib.
Hadisə şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Mahir Ələsgərov tanışının evinin hamam otağında çimərkən dəm qazından zəhərlənib.
35 yaşlı Mahir Ələsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın təcili tibbi yardım şöbəsinə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 15 yanvar 2026-cı il tarixində saat 03:00 radələrində Mahir Ələsgərov ağır vəziyyətdə xəstəxanaya hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:30 radələrində ölüm faktı qeydə alınıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.