Bakıda yerləşən restoranlardan birində müştərilərə söyüşə görə əlavə cərimə yazılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, pab restoranların birində müştərilər yeyib içdikdən sonra restoranda söydükləri söyüşə görə əlavə cərimə məbləği ödəməli olublar. Yekun hesabda onlara üç fərqli növ söyüşə görə əlavə cərimə məbləği gəlib.
RTV-nin əməkdaşı həmin restoranın qarşısında olub və məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmağa çalışıb.
Restoran rəhbərliyi rəsmi səhifələrində sorğu keçirdiklərini və müştərilərdən söyüşə görə cərimə yazılmasını istəyib-istəmədiklərini soruşduqlarını bildirib. Sorğunun nəticələrinə görə, 41% müştəri lehinə, 59% isə əleyhinə səs verib. Restoran rəhbərliyi əlavə edib ki, heç bir müştəridən əlavə ödəniş alınmır cəriməyə görə.
Restoran rəhbərliyi bildirib ki, onların paylaşdığı postu xəbərsiz götürüblər və həmin çekdəki qiymətlər süni intellektdən yaradılıb. Onlar zarafat üçün "cərimə söyüş 5 manat", "tərəvəzlər, heyvanlar 10 manat", "plus 18 25 manat" yazdıqlarını, lakin həmin çekdə hamısının 15, 25, 25 yazıldığını bildiriblər. Hətta qiymətləri də səhv yazıblar. Məsələn, onlarda kartof fri 2.26 AZN olduğu halda, həmin çekdə 2.27 AZN yazılıb. Orfoqrafik səhvlər də edilib.
Şəhər sakinləri restoranlarda söyüşə görə cərimə tətbiq olunmasını müxtəlif cür qiymətləndiriblər. Bəziləri söyüşün ağırlığına görə cərimənin dəyişilə biləcəyini və bunun yaxşı olacağını bildiriblər. Digərləri isə ailəvi yerlərdə söyüşün olmamalı olduğunu qeyd ediblər.