RTV-nin xəbərinə görə, bayram süfrəsində istehlak olunmayan yeməklərin israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislər dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklərin orqanizm üçün ciddi fəsadlara səbəb ola biləcəyini bildirirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Həmin qidalar otaq temperaturunda açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.
Bakteriyalar tərəfindən sintez olunan toksinlər qida mənşəli xəstəliklərə, hətta zəhərlənməyə səbəb ola bilər. Bu zaman şiddətli ürək bulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur.
Əksər hallarda insanlar yeməyin xarab olub olmadığını qoxlamaq və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Ona görə də bu tip qidaların saxlanılmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir.