11 gün iş olmayacaq - RTV

2026-cı ilin mart ayında Azərbaycanda rəsmi bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub. RTV-nin trendə istinadən yaydığı xəbərə görə, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramları ilə əlaqədar mart ayında uzun müddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib. Belə ki, 20-24 mart aralığı Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən, 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. 28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar günlərinə təsadüf edəcək. Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü hesab olunacaq. Beləliklə, 20 martdan 30 martadək ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.