Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir. Bununla belə agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə mütəmadi monitorinqlər həyata keçirir.
Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülür.