İşıq və təbii qaz üçün sabit tariflər müəyyənləşdirildi - RTV

Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. Bu barədə Tarif Şurasının məlumatında qeyd olunub.

"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib.

Tarif Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və bir fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, üç fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib. Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.