Azərbaycanda bu ildən etibarən kişi və qadınların pensiya yaşı bərabərləşir. 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı altı ay artırılaraq 65 yaşa çatdırılacaq. Bundan sonra ölkədə qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq. 2021-ci il iyulun 1-dən isə ölkədə kişilərin pensiya yaş həddi 65-dir.
Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov təklif edir ki, bir sıra Avropa ölkələrində, eləcə də inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycana da pensiya yaşına differensial yanaşma tətbiq olunsun.
Vüqar Bayramov bildirib ki, pensiya yaşı müəyyənləşdirilən zaman yalnız kəmiyyət göstəricilərinə deyil, həm də keyfiyyət göstəricilərindən istifadə olunması məqsədəuyğundur. Millət vəkili hesab edir ki, tək qadınların daha tez pensiyaya çıxması məqsədəuyğundur. Eyni zamanda uşaqların sayına görə pensiya yaşının azaldılmasına baxılması məqsədəuyğun olardı. Vüqar Bayramov qadınların daha tez pensiyaya çıxmasının təmin edilməsi ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim edildiyini də qeyd edib.