“Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fevralın 1-dən etibarən bağlanır. Bu barədə MMC-dən məlumat verilib.
Səbəb kimi Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun binanın doqquz mərtəbəli korpusunda apardığı vizual texniki baxış göstərilib. Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yük daşıyan konstruksiyalarda, su kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edilib.
MMC-dən bildirilib ki, binadakı liftlərin texniki vəziyyəti də qənaətbəxş deyil. Mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir. Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir.
Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqqında qərar verilib. Hazırda binada köçürülmə prosesi başlayıb.