İranda davam edən etiraz aksiyaları artıq bir neçə gündür ki, səngimək bilmir. Baş verən hadisələrin necə nəticələnəcəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Politoloq Elxan Şahinoğlu baş verən aksiyaların regiondakı gedişata təsiri barəsində İTV-yə açıqlama verib.
Elxan Şahinoğlu bildirib ki, İranda gərginlik getdikcə artır. İran şəhərləri qarışıb. Artıq Güney Azərbaycanın şəhərlərində də etirazlar başlayıb. Onun fikrincə, indiki rejim artıq prosesləri nəzarətdə saxlamaqda çətinlik çəkir.
Elxan Şahinoğlu qeyd edib ki, İrandakı rejimin bu dəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var. Politoloqun sözlərinə görə, bu, İranda rejim dəyişinə səbəb ola bilər. Amma ikinci variant da mümkündür. İran rejimi keçmiş dövrlərdə olduğu kimi etirazları zor gücünə yatırda da bilər. Lakin cin şüşədən artıq çıxıb və İranda geri dönüşü mümkün olmayan proseslər də başlayıb.
Elxan Şahinoğlu əlavə edib ki, İrandakı indiki rejimə alternativ kimi Rza Pəhləvi ilə əlaqə qururlar, onunla təmasa keçirlər. O da çox fəaldır. Keçmiş dövrdə də fəallığı var idi onun. Məsələ burasındadır ki, İranda yaşayan xalqlar üçün indiki rejimin Pəhləvi sülaləsinin heç bir fərqi yoxdur. Həmin o Pəhləvi sülaləsi, indiki Rza Pəhləvinin atası da İranda yaşayan xalqları, o cümlədən Azərbaycana zülm etmişdi, etirazları silah gücünə yatırtmışdı. Rza Pəhləvinin geri dönüşü ehtimalı olarsa, bu əslində İranda böyük mərkəzdən qaçma meyillərini də gücləndirəcək və İranda İraq və Suriyada bənzər hadisələr də cərəyan edə bilər. O, həmçinin İranda yaşayan azərbaycanlıların öz hüquqları olmasını, dillərində danışa bilmələrini istədiyini bildirib.