Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində qalmaqal - RTV

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb. RTV-yə istinadən xəbər verilir ki, valideynlərin məlumatına görə, bağçanın müdiri Aysel Alıməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb.

Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alıməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses beş gün davam edib. Valideyn isə bundan xəbərsiz olub. Elə bilir ki, uşaq bağçadadır. Sən demə, uşaqlar beş gün bağça işçilərinin evində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatır, yemək yeyir və sairə, deyə əlavə edilib.

Bakı Şəhər Təhsil İdarəsi ünvanlandığımız sorğuya cavab olaraq bildirilib ki, paytaxtdakı 298 nömrəli körpələr evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən araşdırma aparılacaq. Sorğuda qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yol verilməzdir. Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.

Qeyd edək ki, Aysel Alıməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir.