TƏBİB-in qərarı narazılıq yaratdı - Həkimlər etiraza QALXDI - RTV

Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçiriblər. Təxminən 100-ə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıb.

Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia ediblər. Onların sözlərinə görə 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi üç stomatoloq ştatda saxlanılıb.

İddialarla bağlı TƏBİB-dən bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədi ilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəricisi ciddi şəkildə araşdırılıb.

TƏBİB-in nümayəndəsi bildirib:

"Stomatoloji xidmətlərin keyfiyyəti, iş həcmi mərkəzi rayon xəstəxanasında istərsə də ixtisaslı tibb müəssisələrində stomatoloji xidmətlərin keyfiyyəti tərəfimizdən dəfələrlə monitorinq olunub və monitorinqin nəticələri ixtisas həkimlərinə bildirilib. Həmin həkimlərin fəaliyyətində dönüş olmadığı üçün və onlar xidmət keyfiyyətini artırmadığı üçün yenə tövsiyə xarakterli danışıqlar aparılmışdı və nəticədə onlara yeni iş tapılması üçün müddət də verilmişdi, möhlət də verilmişdi, əmək məcəlləsinin qayda və qanunvericiliyinin tələblərinə uyğun olaraq və bu müddət ərzində hər hansı bir dönüş əldə etməyən stomatoloqların fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qeyd edim ki, bu proses mərhələli olaraq həyata keçirilir."

TƏBİB-dən qeyd olunub ki, stomatoloji xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil. Yəni bütün stomatoloji xidmətlər əhaliyə ödənişli əsaslarla həyata keçirilir. Aparılan araşdırmalar nəticəsində kassa ödənişlərindən yayınmalar da qeydə alınıb və bununla bağlı həmin ixtisas həkimlərinə dəfələrlə xəbərdarlıq olunub və bu xəbərdarlığın nəticəsində dönüş əldə edilmədiyi üçün artıq onların işlərinə xitam verilməsinə başlanılıb.

Bildirilib ki, iki ay bundan öncə İsmayıllı, Göyçay, Kürdəmir kimi rayonlarda fəaliyyət göstərən stomatoloqlara xəbərdarlıq olunmuşdu ki, onlar iş həcminin artırılması, xidmət keyfiyyətinin, eyni zamanda vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətlərində dönüş etməlidirlər və bu müddət ərzində xəbərdarlıq olunub və möhlət verilib. Fəaliyyətində dönüş yaratmayan stomatoloqların artıq əmək fəaliyyətinə xitam veriləcək.