Sərnişin axınının tənzimlənməsi qaydaları - RTV

Pik saatlarda avtobuslara minmək vətəndaşlar üçün problem yaradır. Ödəniş etmək üçün birinci qapıdan avtobusa daxil olan sərnişinlər toplaşaraq izdihama səbəb olurlar. Bu isə xüsusilə səhər saatlarında işə gecikən vətəndaşlar üçün çətinlik yaradır. Sərnişinlər sürücülərdən orta və ya arxa qapının açılmasını tələb edirlər.

Avtobus sürücüsü bildirib ki, arxa qapıları açmağa icazələri yoxdur, əks halda cərimə olunurlar. Sürücü əlavə edib ki, yalnız pik saatlarda məcburiyyət qarşısında qalıb qapıları açırlar. Onun sözlərinə görə, əvvəl qayda qabaq qapıdan minmək, arxa qapıdan düşmək idi, lakin indi arxa qapıdan minənlər kart vurmurlar.

Sürücü qeyd edib ki, bəzi sərnişinlər aqressiv münasibət göstərsələr də, qanun tələb etdiyi kimi, qabaqdan minib arxadan düşmək lazımdır. Şirkət tərəfindən də bu barədə xəbərdarlıq olunub və icazə verməmək tövsiyə edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sorğuya cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin 141 saylı qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarına əsasən, müntəzəm şəhərdaxili marşrutlarda sərnişinlərin iki qapısı olan avtobuslarda düşməsi hər iki qapıdan, minməsi isə birinci qapıdan, üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapıdan, minməsi isə birinci qapıdan həyata keçirilir.

AYNA əlavə edib ki, hər avtobusun istehsalçı tərəfindən həm oturacaq, həm də ayaq üstü daşına biləcək sərnişin sayı ilə bağlı tutumu müəyyən edilir. Müəyyən edilmiş həddindən artıq sərnişin daşınması və bunun təhlükəsizlik qaydalarının pozulmasına gətirib çıxardığı təqdirdə hüquq mühafizə orqanları tərəfindən inzibati tədbirlər görülə bilər. Avtobusların sıxlığı və doluluq səviyyəsi ilə bağlı monitorinqlər keçirilir. Doluluğun yüksək olduğu müəyyən edilərsə, avtobus sayının artırılması ilə bağlı tədbirlər görülür.

BakuBus Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, BakuBus MMC-nin istismarında olan üç qapılı avtobuslarda sərnişinlərin minməsi birinci qapıdan, düşməsi isə orta və arxa qapılardan həyata keçirilir. Bu tənzimləmə avtobuslarda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkil olunmasına xidmət edir. Əsmər Əliyeva qeyd edib ki, bəzi hallarda, xüsusilə pik saatlarda sərnişin sıxlığının artması səbəbindən ön qapıda növbələrin yaranması müşahidə oluna bilər. Belə vəziyyətlərdə sərnişinlərin müraciəti əsasında bəzi sürücülər sərnişin axınının tənzimlənməsi məqsədilə operativ qərar verərək müvəqqəti güzəştə gedə bilirlər.