Bir neçə gün əvvəl Dubayda keçirilən dəbdəbəli toy xeyli müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə yayılan görüntülərdə toyun yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunduğu görünürdü. Məlum olub ki, Dubayın məşhur Ritz Carlton otelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. RTV xəbər verir ki, deputat keçirilən toyla bağlı TV Müsavat-a danışıb.
Razi Nurullayev bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər. Deputat qardaşlarının üzünü üç-beş ildən bir gördüyünü qeyd edib. Qardaşı oğlunun bizneslə məşğul olduğunu, ailə qurduğu xanımın da imkanlı ailəyə mənsub olduğunu bildirib. Məclisin isə qardaşı oğlunun öz pulu ilə təşkil edildiyini qeyd edib.