Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin üç ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır.
Bu barədə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məlumat verib. Komitə bildirib ki, "məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunun üçüncü maddəsinə uyğun olaraq məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir.
Qanuna əsasən, məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən üç il müddətində tətbiq olunur. Məlumatda qeyd olunub ki, Ağalı kəndinə 2022-ci il iyulun 19-dan etibarən mərhələlərlə köç başlayıb.