Goranboyda ağır qəza - Bir ailənin faciəsi - RTV

Goranboy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Nadirkənd kənd ərazisində qeydə alınıb. Hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Qəza nəticəsində Goranboy rayonunun Kələk kənd sakini, avtomobilin sürücüsü Adil Hüseynov hadisə yerində ölüb. 2008-ci il təvəllüdlü Sabir Hüseynov, 1991-ci il təvəllüdlü Lamiyə Əliyeva və 2014-cü il təvəllüdlü Yağmur Hüseynova xəsarət alaraq Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanaya yerləşdirilən Sabir Hüseynovu xilas etmək mümkün olmayıb.

Goranboy rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 01.01.2026-cı il tarixində saat 23:30 radələrində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın) xəstəxanaya yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən iki nəfərə zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlı dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində Adil Hüseynovun həkimə qədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Qəza zamanı avtomobil zərbənin gücündən deformasiyaya uğrayıb. Məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Onlar qonaq getdikləri yerdən qayıdarkən qəza baş verib. Bildirilir ki, qəzada ölən Adil Hüseynovun atası Ağası Hüseynov əvvəllər uzun müddət Goranboyda "Azərişıq"ın müdiri vəzifəsində çalışıb.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.