Oktyabrın 24-dən fəaliyyəti dayandırılan Bərdə Mal Bazarı bu gündən etibarən yenidən fəaliyyətə başlayıb. Ölkənin ən böyük heyvan bazarlarından biri olan bu məkan, Bərdə rayonu da daxil olmaqla 14 rayondan olan fermerlərə xidmət göstərəcək.
Bazarın rəhbəri Zülfü Tahiyev bildirib ki, ərazidə 1800 baş iri buynuzlu, 2600 baş xırda buynuzlu heyvanın alqı-satqısı üçün şərait yaradılıb. Girişdə xüsusi dezbaryerlər quraşdırılıb, xəstə və şübhəli heyvanlar üçün ayrıca izolyator sahə ayrılıb. Hər iki tərəfdə baytar məntəqəsi qurulub və yoxlamadan keçirilir. Zülfü Tahiyev əlavə edib ki, əgər malda xəstəlik müşahidə olunsa, dərhal geri qaytarılır. Bazar ərazisindən keçərsə, xəstəlik üçün mallara yer ayrılıb və bazar qurtarandan sonra dərhal bazarın ərazisinə çıxarılır.
Bərdə Mal bazarı təkcə ticarət məkanı deyil, eyni zamanda xeyli sayda insanın dolanışığı üçün əhəmiyyətli yerdir. Bazarın bağlı qaldığı müddətdə burda çalışan bir neçə ailə maddi çətinliklərlə üz-üzə qalıb. Fəaliyyətin bərpası isə həm fermerlər, həm də bazarla dolanan insanlar üçün yenidən gəlir və ümid deməkdir.
Fermerlər yaradılan şəraitdən razılıqlarını bildiriblər. Onlardan biri qeyd edib:
"İndiyənə kimi çətinliyimiz o idi ki, almışdıq, əlimizdə qalmışdı, sata bilmirdik. Allah canlarını sağ eləsin, açdılar. Biz də gətirib satıb beş-üç manat pul qazanmaqdan ötrü. Satıb başqasını almaq fikrimiz var."Başqa bir fermer isə bazarın əvvəlki vəziyyəti ilə müqayisədə indi daha yaxşı olduğunu, lakin qiymətlərin bahalaşdığını qeyd edib. O, kənd təsərrüfatı və maldarlıqla məşğul olduğunu, malını satmasa dolana bilmədiyini bildirib və əhalinin bir-biri ilə şirin və mehriban alver etməsini arzulayıb. Digər fermer isə əvvəl ayaqlarının mızdığı olduğunu, indi isə ürəyinin istədiyi kimi rahat olduğunu deyib.
Təhlükəsizlik və sanitariya qaydalarına nəzarət gücləndirilib. Bununla yanaşı bazar ətrafında fəaliyyət göstərən iaşə obyektləri də yenidən işini bərpa edib. Qeyd edək ki, bazarın fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumların apardığı monitorinqlər zamanı aşkar olunan nöqsanlara görə müvəqqəti dayandırılmışdı. Aparılan yenidən qurma və nəzarət tədbirlərindən sonra bazar yenidən istifadəyə verilib.