Yanvarın 1-dən qaza bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra "Azəriqaz" İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Bakı şəhərində bir çox abonentlər istiliksiz qalıblar.
Vətəndaşlar bu şikayətlə "Qafqazinfo"ya müraciət ediblər. Onların sözlərinə görə, artıq ikinci gündür ki, sayğaca qaz yükləmək mümkün deyil.
Yaranmış vəziyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxlanılıb. Qurum rəsmisi sorğuya cavab olaraq bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
Eldəniz Vəliyevin sözlərinə görə, smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixinə etibarən yaranmış problem həmin gün axşam saat 20:00-da aradan qaldırılsa da, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib:
"Təqvim ilinin əvvəl olması ilə əlaqədar müraciət sayı da çoxdur. Müraciət sayı çox olduğuna görə yenidən müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə iş aparır".