Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində 2025-ci ilin 17-21 noyabr və 8-12 dekabr tarixlərində keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Məlumata görə, tədbirlər dövlət təbiət yasaqlıqlarını, ovçuluq təsərrüfatlarını və milli parkların su bataqlıq, dəniz sahili zonalarını və digər ərazilərini əhatə edib.
AQTA-dan verilən məlumata əsasən, su anbarları və çay sahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara kliniki baxış keçirilib, müxtəlif növ vəhşi quşlardan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində 34 rayonun ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib.
Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli kliniki əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Newcastle xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.