Abşeron rayonunun Xırdalan qəsəbəsində ağacları kəsib yerinə beton töküblər. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Hadisə Mehdi Hüseynzadə küçəsində baş verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısına ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət dörd saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib.
Faktla bağlı Fərzəliyev barəsində akt protokol tərtib edilib. Ona vəzifəli şəxs qismində 13250 manat məbləğində cərimə və ziyan ödənilməsi tətbiq olunub.