34 yaşlı kişi əməliyyat zamanı öldü - RTV

Masallı rayonunda xəstə əməliyyat zamanı ölüb. Hadisə yanvarın 7-də baş verib. Molla Həsənli kənd sakini, 34 yaşlı Nəriman Bağırovzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və əməliyyat zamanı orada vəfat edib.

Masallı rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, yanvarın 7-də halsızlıq və soyuqdəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü şəxs təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş hipotenzia diaqnozu təyin edilib. Pasientə dərhal tibbi yardım göstərilib və instrumental müayinə nəticəsində pasientin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb.

Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin çoxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye diaqnozu müəyyən edilib. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 7 yanvar saat 16:40 radələrində pasientin bioloji ölüm faktı qeydə alınıb. Məlumatda bildirilir ki, meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.