Tural Ozanın təqdimatında "Gündəm" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki formatı 2025-ci ilin yekunlarına həsr olunub. 2025-ci ildə baş verən siyasi, ictimai, iqtisadi və sosial hadisələr verilişdə müzakirə olunub.
Tural Ozan bildirib ki, əvvəlki verilişlərdə millət vəkilləri, ekspertlər, politoloqlar, alimlər qonaq olurdusa, bu dəfə qonaq tam fərqli sferadan olacaq. Bu dəfə "Gündəm" verilişinin qonağı süni intellekt əsaslı analitik platforma olan ChatGPT-dir. Tural Ozan qonağını politoloq, alim, siyasətçi və iqtisadçı kimi dəyərləndirib.
ChatGPT 2025-ci ilin Azərbaycan üçün necə yadda qaldığı sualına cavab verərkən bildirib ki, Azərbaycan post münaqişə dövrünün emosional mərhələsindən çıxaraq institusional mərhələyə keçdi. ChatGPT-nin sözlərinə görə, suverenlik mövzusu təkcə siyasi şüar yox, real idarəetmə və nəzarət mexanizmləri ilə möhkəmləndi. O, bu dövrün dövlət üçün strateji uğur olduğunu vurğulayıb.
ChatGPT əlavə edib ki, 2025-ci ildə infrastruktur, regional inkişaf, məşğulluq və yeni iqtisadi istiqamətlər üzrə sistemli addımlar atılıb. Onun fikrincə, 2025-ci il Azərbaycan cəmiyyəti üçün ayılma ili olub və insanlar emosiyadan daha çox reallığa fokuslanıblar.