Sosial şəbəkələrdə "Bravo" marketlər şəbəkəsində yumurta satışına limit qoyulması ilə bağlı foto yayılıb. Məlumata əsasən, bir şəxs marketdən ən çox 30 ədəd yumurta ala bilər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli ölkədə yumurta qıtlığının olmadığını bildirib:
"Ölkənin gündəlik tələbatı 4 milyon 400 min, 4 milyon 500 min ədəddir. Gündəlik istehsalımız 5 milyonun üzərindədir. 5 milyon 200 min, bəzən 5 milyon 500 min civarında yumurta istehsalımız var. Anbarlarda 10 milyon ədəd civarında yumurta var. Hazırda heç bir şəbəkə marketində belə bir şey yoxdur. Hər kəs istənilən qədər yumurta ala bilər və istənilən qədər istehsalımız var."
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da hazırda heç bir marketdə yumurtanın satışına rəsmi olaraq limit qoyulmadığını qeyd edib. Onun sözlərinə görə, Yeni il bayramı ərəfəsində istehlakçılar tərəfindən Birliyə zənglər daxil olub, lakin aparılan araşdırmalar nəticəsində hazırda kifayət qədər yumurta ehtiyatının olduğu müəyyən edilib. O, mağazaların öz ərazilərində satdıqları mallara limit qoya biləcəyini də əlavə edib.
"Bravo" marketlər şəbəkəsindən isə bildirilib ki, əsas prioritet müştərilərin rahat və fasiləsiz alış-verişini təmin etməkdir. Bazarda yumurtanın münasib qiymətlərlə satışı "Bravo" tərəfindən təmin edildiyindən, bəzi hallarda kütləvi alışlar müşahidə olunur. Bu isə digər müştərilərin məhsul əldə etməsində çətinlik yarada bilər. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilər üçün əlçatan olması məqsədi ilə kütləvi və toptan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində mağazalarda məhsul davamlılığı qorunur və müştərilər yumurtanı rahatlıqla əldə edə bilirlər. Məqsəd münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını və alış-veriş prosesinin daha rahat keçməsini təmin etməkdir.