Gəncədə bıçaqlama hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb.
Təbibdən verilən məlumata görə, 1967-ci il təvəllüdlü Məmməd Teymurov bıçaq xəsarəti ilə 12 yanvar 2026-cı il tarixində saat 07 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində olan Abbas Səhhət adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin açıq yarası, sol bazun nahiyəsinin kəsilmiş-deşilmiş yarası və dəqiqləşdirilməmiş pnevmatoks diaqnozları təyin olunub. Hazırda müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Məlumata görə, 59 yaşlı Məmməd Teymurov oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin ruhi əsəb xəstəxanasında qeydiyyatda olduğu bildirilir. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir. Əraziyə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.