Gəncədə Milad bayramı keçirildi - RTV

Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib. Pravoslav təqviminə əsasən, İsa peyğəmbərin doğulduğu gün olan 7 yanvar ərəfəsində Gəncədə yaşayan pravoslav xristianlar kilsədə bir araya gələrək bayramı qeyd ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti tərəfindən ayinlər icra olunub. Pravoslavlar şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların ruhuna da dualar oxunub.

Kilsə nümayəndəsi bildirib:

"Bu gün Rus Pravoslav kilsəsi böyük 12 bayramdan biri olan İsa Məsihin Miladını qeyd edir. Bu gün münasibətilə mən icmamız adından bütün pravoslav xristianları müqəddəs və şanlı Milad bayramı münasibətilə təbrik etmək istəyirəm. İsa Məsih dünyaya nur, xilas və ümid gətirərək doğulmuşdur."

Başqa bir iştirakçı isə deyib:

"Mən burada Gəncə şəhərində yaşayan hər bir kəsi İsa Məsihin nurlu Milad bayramı münasibətilə təbrik etmək istərdim. Onların ailələrinə nurlu gələcək, dinclik, sülh, əmin-amanlıq və can sağlığı arzulayıram. Ən əsası isə odur ki, ölkəmizdə hər zaman sülh və firavanlıq hökm sürsün."

Qeyd edək ki, xristian aləminin əlamətdar bayramlarından olan Milad İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi şərəfinə qeyd olunur və hazırda 100-dən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Bayrama gələnlərdən biri deyib:

"Kilsəyə bayrama gəlmişəm. Hamınıza uğurlar, siyasətdə və iqtisadiyyatda sabitlik, sülh, sağlamlıq, arzularınızın çin olmasını və hər şeyin ən yaxşısını arzulayıram. Axşam gecə ibadət olur, sonra səhər kilsəyə gəlirik. Ən vacibi isə bu günlərdə xeyirxah işlər görmək, Allahı xatırlamaqdır."

Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski adına Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa edilib. Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır.