Estetik cərrah və anestezioloqla bağlı cinayət işi açıldı - RTV

Estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı cinayət işi başlanılıb. Xəstənin anasının şikayəti əsasında başlanan cinayət işi üzrə istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Hadisə ötən ilin aprel ayında Bakıda yerləşən "Medura" klinikasında baş verib. Rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o sağlamlığını itirib və hazırda yataq xəstəsidir.

Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb. Cinayət işi üzrə məsuliyyətə cəlb edilən Yaqub Əsədi və Cəmilə Əliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbirləri seçilib. Hər iki şəxsə cinayət məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilib.