Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanlar İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ Yəhudiləri dini icması 400 min manat, Avropa Yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad Yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban Udi Xristian dini icmasına 400 min manat ayrılıb.
Habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində mənəvi dəyərlərin təbliği fonduna 400 min manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.