Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Xan Hamam" adlanan obyektdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin məlumatına görə, hadisə Binəqədi rayonu, Emin Bağırov küçəsində qeydə alınıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan hamamın saunasında baş vermiş yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın nəticəsində saunanın 120 kvadratmetr sahədə olan taxta üzlüyünün 50 kvadratmetri yanıb, 70 kvadratmetri isə deformasiyaya uğrayıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.