Bakıda xəstəxanalardan birində öldüyü bildirilən körpənin dəfn üçün Ağcabədiyə aparılarkən sağ olduğu müəyyənləşib. Hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydə alınıb. Kənd sakini, doqquz aylıq Elif Pərviz qızı İsgəndərli bir müddət Ağcabədi rayon mərkəzi xəstəxanasında müalicə alıb. Vəziyyəti ağırlaşdığı üçün Bakıda yerləşən özəl xəstəxanalardan birinə göndərilib. Körpənin xəstəxanada vəfat etdiyi bildirilib.
Ailə üzvləri Elifin cənazəsini dəfn etmək məqsədi ilə doğulduğu Yeni Qaradolaq kəndinə gətiriblər. Dəfn üçün hazırlıq işləri görülən zaman körpədə həyat əlamətləri müşahidə olunub və o ayılıb. Təxminən üç saat yaşadığı bildirilən körpə daha sonra yenidən vəfat edib.
Valideynlər həkimləri ittiham edirlər. Onların sözlərinə görə, hadisə ayın 20-si axşam saatlarında baş verib. Uşağın 37 yarım qızdırması olub. Valideynlər onu rayona aparıblar. Orada Arzu adlı həkim uşağa baxıb və resept yazıb. Valideynlər resepti alıb gətiriblər. Uşağa resepti köçürüblər. Sonra uşağa hava verilməli idi, çünki boğulurdu. Hava balonu qurtardıqda, valideynlər başqa balon tapa bilməyiblər. Bundan sonra uşağı mərkəzi klinika balnissiyasına veriblər. Orada uşağı yoxlayıblar və diaqnoz qoyublar: uşağın beyni iflic olub, mədəaltı vəzi və ağciyəri sıradan çıxıb. Həkim bildirib ki, uşağın yaşaması mümkün deyil. Uşağı evə gətirəndə, qapıda qəfilcən gözünü açıb, anası ilə, atası ilə vidalaşıb, sonra keçinib.
Məsələ ilə bağlı Ağcabədi rayon mərkəzi xəstəxanasından bildirilib ki, 20.12.2025-ci il tarixində saat 21:00 radələrində 2025-ci il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Ağcabədi rayon mərkəzi xəstəxanasının uşaq şöbəsinə hospitalizasiya olunub. Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. 21.12.2025-ci il saat 15:00 radələrində valideynləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.