3 mindən çox sürücülük vəsiqəsinin qanunsuz paylaşılmasının qarşısı alındı - RTV

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində Instagram sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3000-dən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədi ilə açıq şəkildə paylaşıldığı müəyyən edilib. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması, onların üçüncü şəxs tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün Elektron Təhlükəsizlik Xidməti müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.