RTV_08.01.2026_1

Azərbaycanda nəqliyyat sıxlığının azaldılması, gündəlik hərəkətliliyin daha səmərəli təşkili və sakinlərin rahatlığının artırılması məqsədilə yeni nəqliyyat layihələrinin icrası nəzərdə tutulur. Bu təşəbbüslər çərçivəsində dəmir yolu infrastrukturunun genişləndirilməsi, sərnişin daşıma imkanlarının artırılması və yeni marşrutların istismara verilməsi planlaşdırılır.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin kommunikasiya departamentinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Abşeron dairəvi dəmir yol marşrutu üzrə dəmir yol xəttinin qatar buraxma, eləcə də sərnişin daşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur. Dövlət proqramına əsasən 2026-2028-ci illərdə Bakıxanov Binəqala, 2026-2027-ci illərdə Yeni Suraxanı Hövsan və 2028-2030-cu illərdə Zabrat Maştağa Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağıllı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli rayon yanğından mühafizə hissələrinin qüvvələri cəlb olunub. Hazırda əsasən kolkosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib. Bu barədə Respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzindən məlumat yayılıb. Qeyd olunub ki, hadisə yanvarın 8-də saat 01:30-da baş verib.