Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramına həsr olunan müşavirədə çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kub metrdən çoxdur. İlham Əliyev xüsusilə Taxtakörpü, Şəmkirçay su anbarlarını qeyd edib. Onun sözlərinə görə, əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.
"Taxtakörpü su anbarı bizə imkan verdi ki, Samur çayının sularını Ceyranbatan su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən Ceyranbatan su anbarı tamamilə yenidən qurulmuşdu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdi" - deyə, prezident İlham Əliyev qeyd edib.