[html] Lənkəranda iki mərtəbəli evdə yanğın olub. Hadisə səhər saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus iki mərtəbəli səkkiz otaqlı evdə başlanan yanğın bir anda ətrafa yayılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Ev sahibi deyir ki, yanğın baş verən zaman beş nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhərində olublar. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyib. Bakıdan evlərinə qayıdan ailə evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görüblər. Ev sahibi iddia edir ki, ev oğurluq olub. Hətta oğurluq edənlər mətbəxdə mürəbbə yeyib, daha sonra evə od vurublar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.
Saat belə olardı da, səkkiz yaz arasında mənə oğlan zəng elədi ki, ana evimizdən tüstü çıxır, deyəsən evimiz yanır. Bizə xeyli miqdarda ziyan dəyib. Evim yaman günə qalıb. Təzə təmirdən çıxan evdir. İki dənə televizor oğurlanıb. Palımız, paltarımız, yorğanımız, döşəyimiz hamısı yanıb, heç nəyimiz yoxdur. Hamısı yanıb gedib. Bütün divan, şfaner, kreslo, stullar, yataqlar hamısı yanıb. Evin altına kompot götürüblər, əncir var nə isə götürüblər, gəlib oturublar burda, yeyiblər, içiblər. Ondan sonra da ağılları başlarından çıxıb yandırıblar. Yanğın zamanı evdə heç kim olmur. Gəldim gördüm ki, polislər həyətdə burdadırlar, pajarnı işçiləri burdadır və ev yanır. Burda televizor aparıblar, iki dənə televizor aparıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğuya cavab olaraq bildirib ki, yanvar ayının 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır. Qeyd edək ki, ev sahibinə təqribən 30 min manata yaxın ziyan dəyib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
[/html]