Bu şəxslərdən dövlət rüsumu tutulmayacaq - RTV

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilib. Bu, prezident İlham Əliyevin "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Qanunlara əlavə edilən yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini, o cümlədən Çernobıl atom elektrik stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Həmin xidmətlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərkəz çəkmə işlərinin görülməsi, əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi və ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlərlə bağlıdır.